UEFA Çempionlar Liqasının yarımfinalında “İnter”lə cavab oyunu “Barselona”nın futbolçusu Rafinya üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, 28 yaşlı braziliyalı cinah hücumçusu bu oyunda qolla fərqlənib.
Bu qol “Barselona”nın qələbəsi üçün yetərli olmasa da, Rafinyaya “Real”ın keçmiş ulduzu, hazırda “Əl-Nəsr”də çıxış edən 40 yaşlı portuqal hücumçu Kristiano Ronaldonun mütləq rekordunu təkrarlamağa imkan verib.
Belə ki, Rafinya qollar və məhsuldar ötürmələrin cəmi üzrə səmərəli fəaliyyətini 22 xala çatdırıb – 13 qol və 9 məhsudlar ötürmə. Hər iki göstərici üzrə Rafinya cari yarışın ən sərrast futbolçusudur.
“Real”ın 2013/2014-cü illər mövsümündə Çempionlar Liqasını muzeyinə apardığı yarışda CR7 17 qol vurmuş, 5 məhsuldar ötürmə vermişdi – 22 xal. Yeri gəlmişkən, Ronaldonun vurduğu 17 qol Çempionlar Liqasının bir mövsümü ərzində ən yaxşı nəticə olaraq qalır.
Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tanhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 53 oyun keçirib, 32 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 140 oyun, 52 qol və 50 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


