Rahil Məmmədovun komandası 2-ci qələbəsini qazandı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədovun komandası “Radomyak” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 7-ci turunun oyunları keçirilir.

Radom klubu doğma meydanda “Krakoviya” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Rahil bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Bu, güman ki, onun son iki matçda penaltiyə səbəb olması, üstəlik zəif çıxışı fonunda ciddi tənqidlərə məruz qalması ilə bağlıdır.

Rahil Məmmədovun komandası 7 turdan 6 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandada 4 rəsmi matça çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: