“Araz-Naxçıvan”ın məşqçisi Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, cəzalı olan baş məşqçi Elmar Baxşıyevin əvəzində komandanı “Sumqayıt”la oyuna çıxarmış gənc mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri səfər matçı ilə bağlı bunları söyləyib:
“Sumqayıtda oynamaq həmişə xoşdur. Azarkeşlər gözəl ab-hava yaradır. Dinamik və hücumameyilli futbol oynadıq. Futbolçularımıza təşəkkür edirəm, sonadək mübarizə apardılar. Düzdür, qoldan sonra bir az geriyə çəkildik. Bəzi şeylər alınmırdı. Amma qələbə həmişə yaxşıdır. Komanda qol vurandan sonra müdafiəyə oturur. Bu, bizə siqnal oldu. Vaxtımız var. Bunun üzərində işləyəcəyik. Qoldan sonra da dinamik futbol oynamağa çalışacağıq”.
Ramaldanov qarşıdakı fasilənin komandanın xeyrinə və ya əleyhinə işləyəcəyi barədə sualı da cavablandırıb, hədəflər barədə söz açıb:
“Yaxşı və ya pis olacağını indidən bilmirik. Nöqsanlarımız çoxdur. Yeni oyunçular bir-birinə uyğunlaşmayıblar. Qarşıdakı fasilə dönəmində nöqsanları aradan qaldırmağa çalışacağıq. Fasilə bizim üçün də fürsət olacaq. Fikrimcə, yaranacaq fasilə bizim xeyrimizə olacaq.
Qarşımıza konkret hədəf qoymayıblar. Amma biz bacardığımızın ən yaxşısını etmək istəyirik. Avrokuboklara vəsiqə alınsa, lap yaxşı olar. Alınmasa da, yolumuza davam edəcəyik”.
Samir Abasov: “Onu başa salacağıq, cəzasını da alacaq”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə matçdan sonra keçirilən mətbuat konfransında komandasının məğlubiyyətinə belə şərh verib:
“Rəqibi təbrik edirəm. Oyun elə gedirdi ki, ya heç-heçə olacaqdı, ya da kimsə bir qol vurub qələbə qazanacaqdı. Meydanda mübarizə var idi. Həddən çox mübarizə olanda da futbol ikinci plana düşür. Qol buraxandan sonra çalışdıq ki, oyunu əla alaq, amma olmadı. Növbəti matçlara hazırlaşacağıq.
Futbolçular təzə gəliblər. Onlara da zaman lazımdır. Biz də istəyirik ki, yeni gələnlər komandaya tez uyğunlaşsınlar. Yəqin, milli fasilə bizə kömək olacaq.
Roi Kehatın yoxluğu özünü göstərirdi. Hücumda “dişli” deyilik. Buna görə də keyfiyyətə çevirə bilmirik.
Rövlan Muradov həmin mövqedə rəqabətsiz oynayır. Biz o mövqe üçün Sərtan Taşkını gətirdik. O da hələ hazır deyil. Rövlan topu itirəndən sonra danışmağa çox vaxt ayırır, nəinki qacmağa. Buna görə əsəbiləşdim. Onun top itkisi qolla nəticələndi. Onu başa salacağıq, cəzasını da alacaq. Keçən ilki zədədən sonra özünə gələ bilmir. Belə davam edə bilməz. Həmin mövqeyə rəqabət gətirmək lazımdır.
Çempionatı davam edən ölkədən hazır oyunçunu gətirmək üçün klubuna pul verməlisən. Biz də bunu edə bilmirik. Maliyyə baxımından uyğun olanları gətiririk. Məşqçi kimi mənim bu məsələdə bacaracağım bir şey yoxdur”.