Ramon Monçi “Sevilya”nı “Aston Villa”ya dəyişir?

İspaniyanın “Sevilya” klubunun idman direktoru Ramon Monçi iş yerini İngiltərə Premyer Liqasına dəyişə bilər.

Arena.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Premyer Liqa təmsilçisi “Aston Villa” müvafiq vakant vəzifəyə Monçini dəvət etmək fikrindədir.

Mənbənin məlumatına görə, “Birmingem” rəhbərliyi baş məşqçisi Unai Emeriyə klubu 13 ildə ilk dəfə avrokuboklara çıxara bildiyi üçün komandanı yenidən qurmaq işində fəaliyyət azadlığı verib. Bildirilir ki, 51 yaşlı mütəxəssisə komandanın transfer siyasətinə rəhbərlik edəcək etibarlı köməkçi lazımdır.

Ramon Monçi qabaqlar “Sevilya”da Emeri ilə əməkdaşlıq edib. Funksionerin müqaviləsində 2 milyon avro qarşılığında başqa kluba keçid bəndi var.

Monçinin idman direktoru kimi karyerası 2000-ci ildə başlayıb. O, 17 il “Sevilya”da çalışıb, daha sonra “Roma”ya yollanıb və burada iki mövsüm keçirib. 2019-cu ildə Monçi yenidən “Sevilya”ya qayıdıb və o vaxtdan İspaniya klubunun uğurları üçün çalışır.

Daha əvvəl “Aston Villa”nın idman direktoru vəzifəsinə “Barselona”nın funksioneri Mateu Alemaninin gətiriləcəyi deyilirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: