“Araz-Naxçıvan”ın məşqçisi Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri ev oyunundan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“Azər Bağırova və “Kəpəz” komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram. Oyunun çətin keçəcəyi gözlənilən idi. Rəqibimiz necə görüşdür məğlub olur. Bunun da qırılma nöqtəsi olacağını bilirdik.
Birinci hissədə diqtə edən tərəf biz idik, epizodlar yaratdıq, təəssüf ki, son nöqtəni qoya bilmədik. İkinci hissə bərabər səviyyədə başladı. Amma matçın gedişində müəyyən dəyişikliklər etdik və yekunda lazım olan, oyunun nəticəsini həll edən qolu vurduq və hesabı qoruduq.
Dayanmaq olmaz. Marafon uzundur. Səhvlərimiz var, onların üzərində işləməli, oyunumuzu yaxşılasdırmalıyıq. Keyfiyyətli futbolçularımız var”.
Rasim Ramaldanov uğurlu starta baxmayaraq, avrokuboklardan danışmağın erkən olduğunu bildirib:
“Avrokuboklar haqda danışmaq tezdir. İşimizi düzgün qurmalı, addım-addım irəliləməli, hər dəfə növbəti görüşü düşünməliyik”.
Azər Bağırovdan debütdəki məğlubiyyətə şərh
“Kəpəz”in baş məşqçisi Azər Bağırov da yeni komandasındakı debüt matçından danışıb. O, Gəncə təmsilçisindəki ilk oyununda qeydə alınan məğlubiyyətə belə şərh verib:
“Gərgin oyun oldu. Futbolçulara oyundan əvvəl matça fokuslanmaq barədə tapşırıq vermişdik. Rəqibin necə oynadığını bilirdik. Qol epizodları verməsək də, rəqibin üstün cəhətləri vardı. Texniki cəhətdən heyətlərində yaxşı futbolçular çıxış edir. Bizim də qol epizodlarımız oldu. Rəqibi təzyiqdə saxlaya bildik. Bunu daha da inkişaf etdirmək lazımdır. İnanıram ki, gələcək oyunlarda istədiyimiz “Kəpəz”i görəcəyik”.