“Betis”in hücumçusu Raul Qarsiya de Haro bundan sonra La Liqanın digər təmsilçisi “Osasuna”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bub arədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
“Osasuna” bu transfer üçün “Betis”ə 6,5 milyon avro ödəyib. 22 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
Raul Qarsiya futbolun sirlərinə “Betis” və “Almeriya” klublarının aşağı yaş qrupları üzrə komandalarında yiyələnib. O, peşəkar karyerasına isə “Betis”də başlayıb. Ötən mövsümü “Mirandes”də icarədə keçirmiş gənc forvard “Betis”də 5 oyuna çıxsa da, qol vura bilməyib.
“Osasuna”nın öz hücumçusu Kike Qarsiya isə bu klubdan azad agent kimi ayrılaraq “Alaves”ə keçib. 33 yaşlı ispan yeni klubu ilə 2 illik anlaşıb. O, 2021-ci ildən formasını geyindiyi “Osasuna”da 79 oyuna 13 qol vurub, 2 assist edib.
“Alaves” “Real Sosyedad”ın sağ cinah müdafiəçisi Andoni Qorosabeli də heyətinə qatıb. 27 yaşlı futbolçunun transferi cəmi 500 min avroya başa gəlib. İspan müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Qorosabel “Real Sosyedad”da 146 oyun keçirib, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
“Real Sosyedad”ın slovakiyalı dayaq yarımmüdafiəçisi Peter Pokornı da “Slask”a keçib. 22 yaşlı futbolçu əsas komandasında debüt etmədiyi İspaniya klubunu azad agent kimi tərk edib və Polşa təmsilçisi ilə 2+1 illik müqavilə bağlayıb.
“Real Sosyedad” sol cinah müdafiəçisi Conatan Qomesi də “Mirandes”ə icarəyə verib. ABŞ və Meksika vətəndaşlığına malik, hər iki ölkənin yığmalarında oynamış 19 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. O da La Liqa təmsilçisinin əsas komandasında hələ oyun keçirməyib.
“Betis” bu yay transfer etdiyi “Barselona”lını icarəyə verdi
Raul Qarsiyanı “Osasuna”ya satan “Betis” də bir neçə futbolçusu ilə yollarını ayırıb. La Liqa təmsilçisi sağ cinah vingeri Dieqo Laynesi Meksikanın “Tiqres UANL” klubuna satıb. Hansı ki, sözügedən klub 23 yaşlı futbolçunu bu ilin əvvəlindən icarə əsasında heyətinə qatmışdı. Amma Meksika klubu “Betis”ə 6 milyon avro ödəməklə meksikalı futbolçunun transfer hüquqlarını da alıb. “Amerika”nın yetirməsi olan Laynes, 2019-cu ildən sıralarında yer aldığı “Betis”də 72 oyuna 4 qol və 6 assist müəllifi olub. Meksika yığmasında 26 oyuna 3 qol vurmuş futbolçu “Braqa”da da oynayıb.
“Betis”in sağ cinah müdafiəçisi Martin Montoya bu klubdan azad agent kimi ayrılaraq Yunanıstanın “Aris” klubuna keçib. 32 yaşlı ispan futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, 2020-ci ildən formasını geyindiyi “Betis”də 37 oyuna 1 qol və 3 assistlə yadda qalıb. Montoya “Barselona”, “İnter”, “Valensiya”, “Brayton” kimi klubların da şərəfini qoruyub.
“Betis” bu yay “Barselona”dan transfer etdiyi Aleks Kolyadonu da Səudiyyə Ərəbistanının “Əl-Oxdod” klubuna icarəyə verib. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi 2024-cü ilin 30 iyununa qədər icarədə olacaq. İspan futbolçu “Barselona”dan başqa “Qranada” və “Elçe”nin də formasını geyinib.


