Futbol üzrə Uels yığmasının sabiq futbolçusu və baş məşqçisi, əfsanəvi Rayan Giqqz məişət zorakılığı ittihamlarından bəraət alıb.
Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Rayan Giqqzin üzərindən bütün ittihamlar qaldırılıb və prokurorluq işi bağlayıb. Hakim Hilari Menli əfsanəvi futbolçunun bütün ittihamlar üzrə günahsız olduğuna hökm verib.
Giqqzin vəkili Kris Dou bu münasibətlə bildirib: “Cənab Giggs, adının təmizliyi üçün təxminən üç il davam edən mübarizədən sonra işin nəhayət ki başa çatmasından dərin rahatlıq duyur. İndi o, həyatını və karyerasını günahsız bir insan kimi bərpa etmək niyyətindədir”.
Xatırladaq ki, Giqqzə qarşı 2021-ci ilin aprelində uelsli iki qadına hücum etməklə bağlı ittiham irəli sürülmüşdü. Hadisənin 2020-ci ilin noyabrında Giqqzin Uorslidəki evində baş verməsi güman edilirdi və futbolçu öz keçmiş məşuqəsi Keyti yaralamaqda və onun kiçik bacısı Emmaya hücum etməkdə şübhəli bilinirdi. Giqqz həmçinin 2017-ci ilin dekabrından 2020-ci ilin noyabrına qədər məcburiyyət və idarəetmə xüsusiyyətləri ilə davranışda ittiham edilmişdi.
Vurğulayaq ki, məşhur sabiq futbolçunun özü bütün ittihamları rədd edirdi.
2022-ci ilin avqustunda müvafiq iş üzrə andlılar məhkəməsi keçirilib, amma məhkəmə qərar qəbul edə bilməyib. Bu səbəbdən eyni ittihamlar üzrə təkrar dinləmə iyulun 31-də təyin edilmişdi. Hakimin sözügedən iş üzrə Giqqzin günahsızlığını təsdiqləyən müvafiq hökmündən sonra isə təkrar dinləmə baş tutmayacaq.
Xatırladaq ki, 2022-ci ilin iyununda Giqqz Uels yığmasının baş məşqçi vəzifəsindən məhz bu ittihamlar səbəbilə ayrılmışdı ki, ittihamlarla bağlı şayiələr dünya çempionatına hazırlaşan kollektivə mane olmasın.


