Madrid “Real”ı İngiltərənin “Çelsi” klubunun və Almaniya yığmasının hücumçusu Kay Havertsi heyətinə qatmağı düşünür.
Arena.az “Marca”ya istinadən xəbər verir ki, alman hücumçu yenidən İspaniya klubunun maraq dairəsindədir.
“Real”ın prezidenti Florentino Peres və baş məşqçi Karlo Ançelotti arasında keçirilən görüşdə Havertsin transferi müzakirə edilib. “Qaymaqlılar”ın Harri Keyni və ya Randal Kolo Muanini transfer edə bilməyəcəyi halda, 23 yaşlı alman hücumçunun Madridə gətiricəyi ehtimalı yüksəkdir.
Mənbənin məlumatına görə, Haverts hücum xəttində müxtəlif mövqelərdə, o cümlədən hücumameylli yarımmüdafiəçi mövqeyində oynamağı bacardığı üçün, bir çox baxımdan “Real” rəhbərliyinin diqqət mərkəzindədir.
Haverts cari mövsümdə “Çelsi”nin heyətində 47 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
Futbolçunun “zadəganlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.
“Transfermarkt” internet-portalı Kay Havertsi təxminən 60 milyon avro məbləğində qiymətləndirir.