Rebrov: “Azərbaycan millisinin zəif olduğunu düşünmürəm”

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna yığmaları sabah DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Oyundan öncə Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov və yarımmüdafiəçi Aleksandr Zinçenkonun iştirakı ilə mətbuat konfransı keçirilib. Rebrov əvvəlcə bunları söyləyib:

“Fernando Santosun Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən qovulması təbii ki, bizim hazırlığımıza da təsir edir. Lazımi düzəlişləri edəcəyik. Rəqib komandanı futbolçular üçün təhlil etmişik. Hücumda və müdafiədə necə oynadıqlarını göstərmişik. Amma vacib olan sabah bizim nə göstərəcəyimizdir”.

Rebrov heyətdəki dəyişikliklər və gənclərə şans verməsinə də münasibət bildirib:

“Gənclərdən ibarət komandada çıxış edən futbolçuların əsas milliyə düşmək məqsədinin olması vacibdir. Yığmaya düşmək onların gənclər komandasında özlərini necə göstərməsindən asılıdır. Milli üçün oyunçunun sabitlik nümayiş etdirməsi vacibdir. Çünki hər mövqe üçün rəqabət var. Fransa yığması ilə oyunda sonradan meydana çıxan futbolçular bu şansa layiqdirlər. Onlar gələcək üçün mühüm təcrübə qazandılar”.

Rebrov Ukrayna klublarının cari avrokubok mövsümündə uğursuz çıxış etməsinə də toxunub:

“Təəssüf ki, indi klublarımız təsnifat mərhələlərini keçməlidir. Çünki klub reytinqimiz aşağı düşüb. Ölkəmizdə müharibə gedir, belə şəraitdə səviyyəni saxlamaq çətindir. Ukrayna klublarının avrokuboklarda təmsil olunması mənim üçün önəmlidir. Ölkəmizi belə bir səviyyədə təmsil etmək vacibdir. Ümid edirəm və buna əminəm ki, gələn il Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparacağıq”.

Sergey Rebrov Azərbaycan millisi ilə oyunda asan qələbəyə ümid etmədiklərini vurğulayıb:

“Sabah çətin oyun olacaq. Ümid edirəm ki, futbolçularımız bu mətbuat konfransına qulaq asmayacaqlar. Çünki komandalar məşqçi dəyişikliyi edəndə bunu başqa cür də qəbul etmək olar. Azərbaycan millisinin zəif olduğunu düşünmürəm. Oyunlarına, xüsusən də İslandiya ilə matçın ilk hissəsınə baxdım. Azərbaycan yığmasının çox zəif oynadığını düşünmürəm. Mütəşəkkil oynadılar, amma təəssüf ki, şans yaratmadılar. Biz hər şeyi edəcəyik ki, futbolçular bunu başa düşsünlər və ilk dəqiqədən nəticə əldə etməyə çalışsınlar”.

“Milli komandalar səviyyəsində zəif rəqib yoxdur” – Zinçenko

Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zinçenko isə bunları dilə gətirib:

“Milli komandalar səviyyəsində zəif rəqib yoxdur. Azərbaycanla oyuna yüz faiz hazır olmalı və köklənməliyik. Baş məşqçi məni harda görmək istəsə, o mövqedə oynamağa və hər şeyimi verməyə hazıram. Əsas odur ki, komandaya faydalı olum”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: