Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasının “Krakoviya”ya qarşı keçirdiyi oyunu buraxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 33-cü turu çərçivəsində “Krakoviya” ilə qarşılaşıb.
Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Altı qolluq görüşdə qalib müəyyənləşməyib – 3:3. Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
33 turdan sonra 43 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 33 oyunda 10 qələbə qazanıb, 13 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda fərqlənə bilməyib.
Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.


