Renat meydana çıxdı, “Hatayspor” əzmkar qələbə qazandı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 6-cı turu çərçivəsində “Trabzonspor”la qarşılaşıb.

“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyun hataylıların əzmkar qələbəsiylə yekunlaşıb. Belə ki, 72-ci dəqiqəyə qədər 0:2 hesabıyla uduzan Hatay təmsilçisi möhtəşəm əzmkarlıq mnümayiş etdirərək yekunda 3:2 hesablı qələbə qazanıb. Futbolçumuzun komandasına qələbə gətirən qollar 72, 88 və 90+7-ci dəqiqələrdə vurulub.

Dadaşov da əzmkar qələbədə pay sahiblərindən birinə çevrilib. Belə ki, o, 84-cü dəqiqədə meydana buraxılandan sonra komandası 2 qol vurub. Millimizin hücumçusu 90-cı dəqiqədə sarı vərəqə də alıb.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 6 turdan sonra 10 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov yeni komandasında 2 oyun keçirsə də, hələlik fərqlənə bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: