İsveçrə millisinin və İspaniyanın “Betis” klubunun sol cinah müdafiəçisi Rikardo Rodriqes bundan sonra “Torino”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
34 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub və 1 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Rikardo Rodriqes daha öncə də “Torino”da çıxış edib. O, 2020-ci ildən 2024-cü ilədək formasını geyindiyi Turin klubunda 129 oyuna 1 qol vurub, 3 assist müəllifi olub. İsveçrəli futbolçu “Betis”ə 2024-cü ildə məhz “Torino”dan azad agent kimi keçmişdi. O, La Liqa təmsilçisinin heyətində 68 oyun keçirib, 3 məhsuldar ötürmə verib.
İsveçrənin “Sürix” klubunun yetirməsi olan Rikardo Rodriqes karyerası ərzində “Volfsburq”, “Milan”, PSV kimi klubların da şərəfini qoruyub.
Rikardo İsveçrənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. 2011-ci ilin oktyabr ayında əsas millidə debüt etmiş təcrübəli futbolçu 144 oyuna 9 qola imza atıb, 15 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı müdafiəçinin transfer dəyərini 1,4 milyon avro məbləğində qiymətləndirir.


