Ris Uilyams və Kalvin Remzi “Liverpul”dan ayrıldılar

İngiltərənin “Liverpul” klubu mərkəz müdafiəçisi Ris Uilyams ilə sağ cinah müdafiəçisi Kalvin Remzini icarəyə göndərib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Uilyams “Port Veyl”ə, Remzi isə “Bolton”a icarəyə verilib. Onların hər ikisi İngiltərə Çempionşipində 2023/2024 mövsümünün sonuna – mayın 31-ə kimi icarədə olacaq. Müqavilədə satınalmaya dair hər hansı şərt nəzərdə tutulmayıb. Bir sözlə, yeni komandalarında oyun təcrübəsi əldə edəcək futbolçular mövsüm bitən kimi “Liverpul”un düşərgəsinə dönəcəklər.

Ris Uilyams “Liverpul”un öz yetirməsidir. Əslən Yamaykadan olan ingiltərəli futbolçu bu klubun əsas komandasında indiyə qədər 19 oyuna çıxıb. Hazırda 22 yaşı olan futbolçu əvvəllər “Kiddeminster Harriers”, “Suonsi Siti”, “Bləkpul”, “Aberdin” kimi klublarda da icarədə oynayıb. İngiltərənin U-18, U-19 və U-21 yığmalarında oynamış Uilyams əsas millidə debüt şansı qazanmayıb.

Kalvin Remzi isə Şotlandiyanın “Aberdin” klubunun yetirməsidir. O, “Liverpul”a 2022-ci ilin iyul ayında 4,9 milyon avro qarşılığında gəlib. Şotland futbolçu İngiltərə klubunun əsas komandasında indiyə qədər cəmi 2 matç keçirib. O, ötən il “Preston Nort End” komandasında da icarədə olub. Şotlandiyanın U-16, U-19 və U-21 yığmalarında oynamış 20 yaşlı futbolçu, 2022-ci ildə əsas millidə də debüt edib. Amma onda sonra Remziyə Şotlandiya yığmasında ehtiyac duyulmayıb.

Ris Uilyamsın “Liverpul”la 2026-cı ilin, Kalvin Remzinin isə 2027-ci ilin 30 iyununa qədər qüvvədə olacaq müqaviləsi var.

Xəbəri sosial şəbəkələrdə paylaş: