Futbol üzrə Almaniya Bundesliqasının 7-ci turunun “Maynts”la səfər oyunu “Bayer”in yarımmüdafiəçisi Robert Andrix üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, almaniyalı futbolçu 4:3 hesabıyla qalib gəldikləri bu matçda yeni rekorda imza atıb.
Belə ki, 31 yaşlı yarımmüdafiəçi ardıcıl 38-ci səfər oyununda uduzmamaqla yeni uğur əldə edib. Bu göstərici ilə Andrix Dante və Filipp Lama məxsus əvvəlki (37 oyun) rekordu üstələyib.
Robert Andrix 2021-ci ilin avqust ayından “Bayer” klubunun formasını geyinir. Yarımmüdafiəçi cari mövsümdə 9 matça çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Onun “Bayer” karyerası bütövlükdə 162 oyun, 18 qol və 12 məhsuldar ötürmədən ibarətdir.
Andrix Leverkuzen klubu ilə 2023/2024 mövsümündə Almaniya Bundesliqasının və Almaniya Kubokunun qalibi olub.
Təcrübəli yarımmüdafiəçi “Bayer”dən öncə “Vehen”, “Union Berlin”, “Herta”, “Haydenhaym”, “Dinamo” (Drezden) kimi klublarda forma geyinib. Robert Almaniyanın U-18, U-19 və U-20 yığmalarında da oynayıb. 2023-cü ilin noyabrında əsas millidə debüt etmiş Andrix, Bundestimin heyətində 19 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.


