Roberto Levandovski və Lamin Yamal üçün əlamətdar oyun

İspaniya çempionu “Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski avrokuboklarda 100-cü qolunu vurub.

Arena.az məlumat verir ki, Levandovski avrokuboklarda 100 qol həddinə çatmış 3-cü futbolçu kimi tarixə düşüb.

Polyak hücumçu bu qollardan 92-ni Avropanın ən nüfuzlu klub turniri UEFA Çempionlar Liqasında, 8-ni isə Avropa Liqasında vurub.

Müvafiq rekorda ilk imza atmış futbolçu isə məşhur portuqal superulduz, hücumçu Kristiano Ronaldodur. Onun hesabında 145 qol var. Hesabında 132 qol olan argentinalı ulduz hücumçu Lionel Messi isə müvafiq nəticəyə Kristiano Ronaldodan sonra imza atıb.

Robert Levandovski həm də 2021-ci ildə Kiyev “Dinamo”suna qarşı oyunda 34 yaş 260 günlüyündə qol vurmuş Cerar Pikeninin nəticəsini üstələyərək, Çempionlar Liqasında “Barselona”nın heyətində qol vurmuş ən yaşlı futbolçu olub. Levandovski müvafiq nəticəyə 35 yaş 29 günlüyündə imza atıb.

“Antverpen” Robert Levandovskinin Çempionlar Liqasında qol vurduğu 33-cü fərqli komanda olub. Yalnız Lionel Messi (40 komanda), Kristiano Ronaldo (38) və Kərim Benzema (34) daha çox rəqibə qol vurub. “Real”ın əfsanəvi hücumçusu Raulun da eyni sayda (33) qurbanı var.

“Barselona” və Lamin Yamal üçün əlamətdar oyun

“Barselona” ardıcıl iki rəsmi oyunda 5 və daha artıq top fərqi ilə qalib gəlib. Kataloniya təmsilçisi La Liqada “Betis” (5:0), Çempionlar Liqasında isə “Antverpen” (5:0) üzərində müvafiq qələbələr qazanıb. Kataloniyalılar 2017-ci ilin martında “Selta” (5:0) və PSJ (6:1) ilə oyunlarda eyni uğura imza atmışdılar.

“Barselona” ilk 22 dəqiqədə “Antverpen”ə 3 qol vurub. “Barsa” ikinci dəfədir ki, Çempionlar Liqası oyununda hədəfi bu qədər tez 3 dəfə vura bilib. Birinci dəfə, 22 oktyabr 2008-ci ildə “Barsa” “Bazel”in başına eyni oyunu açmışdı. O zaman Messi 4-cü, Buskets 15-ci və Boyan 22-ci dəqiqədə fərqlənmişdi.

“Barselona” Çempionlar Liqası tarixində öz xeyrinə ən çox avtoqol vurulmuş komandalar cərgəsinə daxil olub və bu göstəricidə “Real” və “Bayern”lə bərabərləşib. Hər üç komandanın rəqibləri 17 dəfə öz qapılarını nişan alıb avtoqola imza atıblar. “Antverpen”lə oyunda “Barselona”nın xeyrinə topu öz qapısından rəqibin belçikalı müdafiəçisi Jell Batay keçirib.

“Barselona”nın vingeri Lamin Yamal 16 yaş 18 günlüyündə Çempionlar Liqasında debüt etməklə, ikinci ən gənc debütant olub. 8 dekabr 2020-ci ildə Dortmund “Borussiya”sı ilə oyunda debüt etmiş Yussufa Mukoko isə Çempionlar Liqasında debüt etmiş ən gənc futbolçudur (16 yaş 18 gün).

Xəbəri sosial şəbəkələrdə paylaş: