Roberto Martines: “Ronaldo hər məşqi tərk edən sonuncu kəsdir”

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines hücumçu Kristiano Ronaldonun cari idman səviyyəsini qiymətləndirib.

Arena.az “The Times” nəşrinə istinadən məlumat verir ki, ispan mütəxəssis portuqal ulduzun indi Çempionlar Liqasında uğurla çıxış edə biləcəyi haqda sualı cavablayıb:

“Ronaldo özünü həqiqətən yenidən kəşf etmək bacarığında inanılmazdır. Bu, “Mançester Yunayted”də ilk dövrədə gördüyümüz oyunçu deyil, o, cinah oyunçusu deyil. O, indi cərimə meydançasında hərəkət keyfiyyətinə bələd olan hücumçudur və inanılmaz ifaçıdır. Və o, təcrübəlidir”.

İspan mütəxəssis Ronaldonun onu nə ilə təəccübləndirdiyi haqda danışıb:

“Kristiano, ilk növbədə xoşbəxtdir. Məni sarsıdan məqam onun futbola yanaşmasının nə qədər yeni olması idi: 38 yaşlı kişi məşqə gəlir və hər məşqdə, hər atışda qalib gəlmək istəyir. Və eyni zamanda, o, məşqi tərk edən sonuncu kəsdir”, deyə Roberto Martines Ronaldo haqda iftixarla danışıb.

Xatırladaq ki, 2023-cü ildə Kristiano Ronaldo iştirak etdiyi bütün yarışlarda 54 qol vurub və təqvim ilini qolçular siyahısının zirvəsində tamamlayıb. “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn və PSJ-nin fransız mərkəz hücumçusu Kilian Mbappe 52 qolla 2-ci olublar. “Mançester Siti”nin 50 qol vurmuş norveçli qolçusu Erlinq Haland isə ən sərrast futbolçuların ilk üçlüyünü tamamlayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.

Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayında debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: