İtaliyanın “Roma” klubu ötən mövsümdə maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün UEFA-ya böyük miqdarda cərimə ödəyəcək.
Arena.az bu barədə “Calciomercato”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, iyunun 30-na qədər müəyyən edilmiş müddətdə klub özünün 28 milyon avrodan artıq kapitalını toplaya bilmədiyi üçün qitənin ali futbol qurumu “qladiator”lara cərimə kəsib.
Vurğulayaq ki, “canavarlar” daha da ciddi cəza ilə üzləşə bilərdi. Klub 50 milyon avro cərimə ödəməklə yanaşı, avrokuboklarda iştirakdan məhrum edilə bilərdi. Xoşbəxtlikdən, UEFA “Roma” haqqında müvafiq tədbirlər görmək zərurətindən daşınıb və kluba 5 milyon avro məbləğində pul cəzası kəsməklə kifayətlənib.
Ötən mövsümdə “Roma” A Seriyasını 63 xalla 6-cı sırada bitirib. Komanda həm də Avropa Liqasının finalına yüksələrək, burada “Sevilya”ya oyunsonrası penaltilər seriyasında məğlub olub (əsas və alavə vaxt: 1:1, penaltilərlə 1:4).
Xatırladaq ki, UEFA həmçinin “Roma”nın baş məşqçisi Joze Mourinyo haqda ölçü götürüb. Mour Avropa Liqasının finalının baş hakimi Entoni Teyloru oyundan sonra təhqir etmişdi. UEFA-nın təhqiqat komissiyası hadisəni araşdırmış və Joze Mourinyonun növbəti mövsümdə 4 avrokubok oyununda iştirakına qadağa qoyulmuşdu.


