Niderland yığmasının baş məşqçisi Ronald Kuman AÇ-2024-ün yarımfinalında İngiltərə yığmasına məğlubiyyəti (1:2) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən nəticədən məyusam. Oyun bizim üçün çox yaxşı başladı və qol vurduq. Bundan sonra yarımmüdafiədə – meydanın mərkəzində fəsadlarımız yarandı, bu o deməkdir ki, futbolçularımız Cud Bellingem və Fil Foden kimi futbolçularla ayaqlaşa bilmirdilər. Biz dəyişiklikləri həyata keçirdik, nəzarəti bərpa etdik və son 20 dəqiqədə mübarizəni davam etdirə biləcəyimizi hiss etdik. Ancaq sonra bir qol – həqiqətən yaxşı bir qol – ən sonunda… Bəlkə də əlavə vaxta layiq idik… Amma bu, futboldur. Oyunçularımızla və yığmamızla fəxr edə bilərik, çünki möhtəşəm yarış keçirdik.
Mən gələcəyə əminəm. Bu komanda daha yaxşı çıxış edə bilər, bizim, komandaya hələ gələcək çoxlu oyunçumuz var. Biz birlikdə yaxşı işlədik, əlaqələr qurduq və finala yaxın idik. Mən bu komanda ilə fəxr edirəm”, deyə Ronald Kuman qürurla bildirib.
Beləliklə, Niderland yığması üçün Avropa çempionatı başa çatıb. İngiltərə yığması isə iyulun 14-də Berlinin “Olimpiaştadion”unda İspaniya millisi ilə AÇ-2024-ün final oyununa çıxacaq.


