Ronaldo: “1000 qola çatmaq istəyirəm və buna nail olacağam”

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo karyerasında 1000 qol həddinə çatmağı qarşısına məqsəd qoyduğunu bildirib.

Arena.az xəbər verir ki, beşqat “Qızıl top” sahibi bu hədəfə çatmaq istədiyini, lakin bununla bağlı özünü təzyiq altında hiss etmədiyini deyib:

“1000 qol həddi? Mən buna çatmaq istəyirəm və buna nail olacağam. Amma bununla bağlı obsessiv deyiləm. Mən heç vaxt heç nəyə aludə olmuram. Çünki nəyisə vəsvəsəyə çevirəndə işlər istədiyimiz kimi getmir.

Hazırda iki missiyam var: UEFA Millətlər Liqasını qazanmaq və 1000 qol həddinə çatmaq”.

Qeyd edək ki, Ronaldo qarşıdakı UEFA Millətlər Liqası oyunları üçün Portuqaliya millisinin heyətinə çağırılıb. Portuqaliyalılar sentyabrın 24-də Uelsi, oktyabrın 4-də isə Norveçi evdə qəbul edəcəklər, səfərdə isə sentyabrın 27-də Norveç, oktyabrın 1-də Danimarka ilə qarşılaşacaqlar.

41 yaşlı Ronaldo karyerası ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, bir dəfə Avropa çempionatının və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub. O, milli komandalar, Avropa çempionatı, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçudur.

Təcrübəli futbolçu 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. O, daha əvvəl “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un formasını geyinib.

Portuqaliyalı hücumçunun karyerasında ümumilikdə 979 qol var. Onlardan 146-sı milli komandada, 833-ü isə klub səviyyəsində vurulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: