Ronaldo AÇ-dəki uğursuzluqdan sonra azarkeşlərə müraciət etdi

Portuqaliya yığmasının kapitanı və ulduz hücumçusu Kristiano Ronaldo AÇ-2024-dəki uğursuzluqdan sonra portuqal azarkeşlərə müraciət edib.

Arena.az xatırladır ki, Portuqaliya yığması yarışın 1/4 final mərhələsində Fransa yığmasına məğlub olaraq (əsas və əlavə vaxt 0:0, penaltilərlə 3:5) yarışda mübarizəsinə xitam verib.

“Biz daha artığını istəyirdik. Biz daha yaxşısına layiq idik. Bizim üçün. Hər biriniz üçün. Portuqaliya üçün. Bizə verdiyiniz hər şeyə və bu günə qədər əldə etdiyimiz hər şeyə görə minnətdarıq. Əminəm ki, meydanda və meydandan kənarda bu irs şərəflənəcək və tərəqqi edəcək. Birlikdə”, – təcrübəli futbolçu özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Vurğulayaq ki, AÇ-2024-də Ronaldo cəmi 1 məhsuldar ötürmə ilə fərqlənə bilib.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: