“Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov Azərbaycan Premyer Liqasında “ayın qolu” layihəsinin qalibi olub.
Arena.az xəbər verir ki, o, Premyer Liqa çərçivəsində noyabr ayının qalibi adını qazanıb.
Belə ki, onun “Araz-Naxçıvan”la matçda vurduğu qol Peşəkar Futbol Liqasının noyabr ayı üçün keçirdiyi sorğunun yekununa əsasən “ayın qolu” seçilib. Futbolçu 12-ci tur çərçivəsində doğma meydanda 2:0 hesabı ilə qalib gəldikləri oyunda komandasının ilk qolunu vurmuşdu.
Premyer Liqada “Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının qalibi olan Rövlan Muradova 16-cı turun “Sumqayıt” – “Qarabağ” görüşündən əvvəl mükafatlar təqdim olunub. Ona mükafatları “Sumqayıt Arena”da Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev təqdim edib.
Xatırladaq ki, daha öncə bu mükafata “Araz-Naxçıvan”ın futbolçuları layiq görülmüşdülər. Belə ki, Turan Manafovun avqustda “Sumqayıt”la oyunda vurduğu qol ən yaxşı seçilmişdi. Sentyabr ayında isə Naxçıvan təmsilçisinin digər futbolçusu Məhəmməd Kadiri “Qəbələ” ilə səfər oyununda vurduğu qolla bu nominasiyada qalib olmuşdu. Bu dəfə isə “Araz-Naxçıvan”a vurulmuş qol ən yaxşı seçilib.
Rövlan Muradov bu ilin iyul ayından “Sumqayıt”ın uğurları üçün çalışır. 25 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 16 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə uzun illər “Qəbələ”nin formasını geyinib.





