İngiltərənin “Vulverhempton” klubunun yarımmüdafiəçi Ruben Neves Səudiyyə Ərəbistanı “Əl-Hilal”ına transfer edilib.
Arena.az bu barədə sözügedən klubların rəsmi saytlarına istinadən xəbər verir.
Portuqaliyalı futbolçu yeni klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Səudiyyə Ərəbistanı klubu bu transfer üçün “Vulverhempton”a 55 milyon avro təzminat ödəyib.
Xatırladaq ki, Ruben Neves 2017-ci ildən “Vulverhempton”da oynayırdı. Həmin vaxt ingilislər onu “Portu”dan cəmi 17,90 milyon avro qarşılığında transfer etmişdilər. Futbolçunun İngiltərə klubu ilə müqaviləsinin başa çatmasına bir il qalmışdı.
26 yaşlı futbolçu 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 6 qol vurub, 1 qolun ötürməsini verib. O, “Vulverhempton”da bütövlükdə 253 oyuna çıxıb, 30 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin yetirməsi olduğu “Portu”dakı karyerası isə 93 oyun, 4 qol və 3 assistdən ibarətdir. O, Portuqaliya milli komandasında da 41 oyun keçirib.

Yeri gəlmişkən, “Vulverhempton” yamaykalı yarımmüdafiəçisi Tayler Robertsi də “Donkaster”ə icarəyə verdiyini açıqlayıb. 19 yaşlı futbolçunun qarşıdakı mövsümün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırılıb.
Tayler Roberts “Vulverhempton”un öz yetirməsidir. İngiltərədə dünyaya göz açmasına baxmayaraq, Yamayka yığmasında oynamağa qərar verən gənc futbolçu hələ doğma klubunun əsas komandasında debüt şansı qazanmayıb. Əvəzində o, bu il Yamaykanın əsas millisində ilk matçını keçirib.


