İngiltərənin “Sauthempton” klubunun əsas komandasına müvəqqəti baş məşqçi təyin olunan Ruben Selles mövsümün sonunadək bu postda qalacaq. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Halbuki o, baş məşqçi Neytan Consun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq bu posta gətirilmişdi. Amma 39 yaşlı mütəxəssis “Çelsi” ilə səfər oyununda komandaya qələbə qazandırmaqla (1:0) rəhbərliyin etimadını qazanıb. Klub rəhbərliyi onun mövsümün sonuna kimi baş məqşçi kimi çalışmasına qərar verib. Artıq klub bu qərarı rəsmi saytı vasitəsilə də açıqlayıb.
Xatırladaq ki, Ruben Selles daha əvvəl Azərbaycanda da işləyib. O, 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirib. Selles xeyli müddət idi “Sauthempton”un əvəzedici komandasına rəhbərlik edirdi. O, 2022-ci ilin noyabr ayında da qısa müddət “Sauthempton”a rəhbərlik etmişdi. Komanda həmin vaxt da onun rəhbərliyi altında meydana çıxdığı bir oyundan qələbə ilə ayrılmışdı.
Xatırladaq ki, Neytan Cons 2022-ci ilin noyabr ayında “Sauthempton”a baş məşqçi təyin olunmuşdu. O, bu komandanı cəmi 14 oyuna çıxarıb. “Sauthempton” bu görüşlərdə 5 qələbə qazanıb, 9 məğlubiyyətə üzülüb. Komanda İngiltərə Premyer Liqasında 23 turdan sonra cəmi 18 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb. Selles belə çətin durumda olan komandanı Premyer Liqada saxlamağı bacarsa, böyük ehtimalla klub da onu postunda saxlamaqda maraqlı olacaq.


