Fransız mütəxəssis Rudi Qarsiya “Napoli”nin baş məşqçisi vəsifəsindən qovulmasına münasibətini açıqlayıb və komandaya uğurlar diləyib.
Arena.az Qarsiyanın bu barədə fikirlərini təqdim edir:
“İlk gündən məni dəstəkləyən neapollu azarkeşlərlə vidalaşmağı belə təsəvvür etmirdim. Onlara, futbolçulara və komandaya yaxın insanlara, səmimi təşəkkürlər edir, çempionatda və Çempionlar Liqasında isə uğurlar arzulayıram”, – Qarsiya sosial şəbəkədə yazıb.
Xatırladaq ki, Rusi Qarsiyanı “Napoli”nin baş məşqçisi vəsifəsində italyan mütəxəssis Valter Massarri əvəzləyib.
Daha əvvəl bildirilmişdi ki, Qarsiyanın istefası üçün əsas səbəb “Napoli”nin UEFA Çempionlar Liqasında “Union Berlin”lə heç-heçəsi (1:1) və A Seriyasında “Empoli”yə məğlubiyyətidir (0:1).
Rudi Qarsiya “Napoli”yə cari ilin iyulunda dəvət almışdı. Klub rəhbərliyi fransız mütəxəssisin istefa vermiş Luçano Spallettinin qalib ənənələrini davam etdirəcəyinə böyük ümidlər bəsləyirdi. Tərəflər arasında müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanmışdı.
Cari mövsümdə Qarsiya “Napoli”ni 16 oyuna çıxarıb, 8 qələbə qazandırıb, 4 dəfə heç-heçəyə nail olub və 4 məğlubiyyət acısı dadıb. Komandanın top fərqi isə 30:18 nisbətindədir.
Hazırda “Napoli” İtaliya A Seriyasında 12 turdan sonra 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider “İnter”dən 10 xal geri qalır. Vurğulayaq ki, “Napoli” cari çempion statusundadır. Çempionlar Liqasında isə “Napoli” qrup mərhələsinin 4 turundan sonra 7 xal toplayıb və qrupda 2-ci pillədədir.


