Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 17-cü turundan təxirə salınmış oyunda “Berliner”lə qarşılaşıb.
“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası qarşılaşmanı inamlı qələbə ilə başa vurub – 2:0.
Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 14 qol vurmuş azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
23 turdan sonra 46 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu var.
Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 21 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.
Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.


