Rüfət Dadaşov bu mövsüm 13-cü qoluna imza atdı – Video

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 15-ci turu çərçivəsində “Enerji Kottbus”la qarşılaşıb.

“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 1:0.

Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da azərbaycanlı forvard vurub. O, 63-cü dəqiqədə fərqlənməklə bu mövsüm vurduğu qolların sayını 13-ə çatdırıb.

15 turdan sonra 29 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə hücumçu 15 oyuna 13 qol vurub, 2 məhsuldar ötürmə edib.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: