Rüfət Dadaşov “Lokomotiv”ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 8-ci turu çərçivəsində Leypsiq “Lokomotiv”i ilə qarşılaşıb.

“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.

Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 6 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

8 turdan sonra 15 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu yay “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: