Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 15-ci turu çərçivəsində baş tutan “Boxolt”la matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bütövlükdə 10 qolun qeydə alındığı oyundan möhtəşəm qələbə ilə ayrılıb – 8:2.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və 79-cu dəqiqədə, hesab 8:0 olarkən əvəzlənib. Komandasının ikinci qolunu da 6-cı dəqiqədə Rüfət vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 24 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.


