“Şamaxı”nın baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasında 22-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Şamaxıda ilk oyunumuz idi. Yaxşı nəticə əldə edib, azarkeşlərimizi sevindirmək istəyirdik. Son çempiona qarşı oynayırdıq. Matçın çətin keçəcəyini bilirdik. Yaxşı qurulmuş komandaya qarşı oynayırdıq. İstədiyimiz futbolu oynamağa çalışdıq. İlk hissədə bu, daha çox nəzərə çarpdı, qol da vurduq. Sona qədər öndə pressinq etmək asan deyil. Fasilədən sonra plan dəyişikliyi oldu. Futbolçular sona qədər mübarizə apardılar. “Neftçi”nin usta oyunçuları oyunun taleyini həll etdi. Bu azarkeşlərin qarşısında məğlub olmaq təsiredicidir. Gələcəkdə onları sevindirməyə çalışacağıq.
Stadionda çox yaxşı atmosfer var idi. Belə olanda, futbolçulara əlavə motivasiya vermək lazım olmur. Bəlkə də belə dəstək qarşısında oynasaq, daha irəli pillələrdə ola bilərik.
“Neftçi”nin də müdafiədə daha çox olduğu oyunlar olur. Buna rəqib daha çox məcbur edir. Komanda şəklində hücum edib, müdafiə olunmaq istəyirik. Rəqib məcbur edir ki, geri çəkiləsən. Bəzən hücuma çıxmaq zaman alır. Bu, rəqibin təzyiqindən irəli gəlir.
Mövsümün sonunda hansı dəyişiklərin olacağı ilə bağlı rəhbərliklə heç bir danışığımız olmayıb. Hazırda komandanın başındayam. Gələcəkdə nə olacağını mən də bilmirəm. Məşqçi, yoxsa futbolçu dəyişikliyi olacağını gözləyirik. İşimi maksimum görməyə çalışıram”.
Xatırladaq ki, bu, artıq tarixin yaddaşına köçən “Keşlə”nin “Şamaxı” adı altındakı ilk rəsmi matçı idi. Sənan Qurbanov və yetirmələri bu görüşün ilk hissəsindən sonra 1:0 öndə olsa da, fasilədən sonra iki qol buraxmaqla məğlub olub.


