“Sabah” Konfrans Liqasına Avstriyada hazırlaşacaq

Tarixində ilk dəfə Avropa Konfrans Liqasına vəsiqə qazanan “Sabah” mayın 28-də son turun oyunundan sonra istirahətə buraxılacaq. Arena.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv mövsümün qapanış turunda “Neftçi”nin qonağı olacaq.

Məhz avrokuboklarda iştirak səbəbindən paytaxt təmsilçisinin istirahəti elə də uzun sürməyəcək. Belə ki, “bayquşlar” iyunun 21-də Bakıda toplaşacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan aldığımız məlumata görə, komandanın iyulun 6-da Avstriyaya təlim-məşq toplanışına yollanması planlaşdırılır. Avstriya toplanışı iyulun 21-nə kimi davam edəcək. Azərbaycanda 2, Avstriyada 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyinə hələ tam aydınlıq gəlməyib.

Xatırladaq ki, “Sabah” Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünü gümüş medallarla başa vuracaq. Komanda hazırda 81 xalla ikinci pillədə qərarlaşıb. “Neftçi”nin də 65 xalı olduğunu nəzərə alsaq, son tura təsadüf edəcək qarşılaşma bu iki komandanın turnir cədvəlindəki mövqeyinə heç bir təsir göstərməyəcək.

2017-ci ildə yaradılmış “Sabah” tarixində həm ilk dəfə Azərbaycan çempionatında mükafatçılar sırasına düşüb. Komanda həm də avrokuboklarda ilk dəfə mübarizə aparacaq.