Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turu “Sabah” üçün yubiley heç-heçəsi ilə əlamətdar olub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Bakı klubu turnirdə 60-cı dəfə meydandan bir xalla ayrılıb. Bu, “Şamaxı” ilə qarşılaşmaya təsadüf edib – 0:0. “Bayquşlar” Premyer Liqada keçirdiyi 223-cü matçda 60-cı sülhlə kifayətləniblər. Paytaxt təmsilçisi çempionatlar tarixində 60 və ya daha çox heç-heçə edən 14-cü komandadır. Bakılılar evdə 32, səfərdə 28 dəfə bərabərə qalıb.
Qeyd edək ki, yarışın 33 illik tarixində ən çox heç-heçə edən komanda “Neftçi”dir – 222.
“Sabah” 2025/2026-cı illər mövsümündə keçirdiyi 11 oyunda 6 qələbə qazanıb, 4 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Valdas Dambrauskasın çalışdırdığı kollektiv 22 xalla 4-cü pillədə qərarlaşıb.


