Binə stadionunda keçirilmiş “Sabah” – “Neftçi” qarşılaşması ilə futbol üzrə U-13 Liqasının 2022/2023 mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, finalda rəqibini 2:0 hesabı ilə məğlub edən “Sabah” komandası U-13 Liqasının qalibi olub.
Savalan Əlizadənin çalışdırdığı “Sabah”ın qollarına Ülvi Əlizadə və Firdovsi Şeydayev imza atıblar.
Üçüncü yer uğrunda oyunda isə EFA “Vətən” RİOEUGFM üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk üç yeri tutan komandalara medallar və diplomlar, çempion “Sabah” komandasına isə kubok verilib.
Mükafatları ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov, AFFA Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.
“Neftçi” komandasının üzvü Cavidan Babayev U-13 Liqasında mövsümün feyr-pley mükafatına layiq görülüb.
Təltifetmə mərasimində 2022/2023 mövsümündə U-8 və U-9 liqalarında feyr-pley mükafatına layiq görülən “Sportinq Baku” klubunun oyunçusu Emil Bilalovla “Lamasiya Baku” komandasının üzvü Oqtay Əhədliyə də hədiyyələr təqdim edilib.
Onu da xatırladaq ki, son mövsümdə “Sabah” akademiyasının U-17 komandası da qızıl, U-14 komandası isə gümüş medal qazanıb.















