Sabiq “Qarabağ”lı Boyan Miovski 8 milyon avroya “Jirona”da!

“Qarabağ”ın sabiq futbolçusu, Şotlandiyanın “Aberdin” klubunun hücumçusu Boyan Miovski bundan sonra “Jirona”nın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi Şimali Makedoniyadan olan mərkəz hücumçusunu 8 milyon avro müqabilində heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Boyan Miovski Şimali Makedoniyanın “Breqalnitsa” və “Rabotniçki” klublarının yetirməsidir. O, “Rabotniçki”də olarkən 2017-ci ildə icarə əsasında Azərbaycan təmsilçisi “Qarabağ”ın U-19 komandasında da çıxış edib. Ölkəsində “Makedoniya”, “Renova” kimi klubların da formasını geyinmiş Miovski, 2020-2022-ci illər aralığında Macarıstanın “MTK Budapeşt” klubunda legioner həyatı yaşayıb. 2022-ci ilin iyul ayında Şotlandiya təmsilçisi “Aberdin” 650 min avro müqabilində onu öz heyətinə qatmışdı. Miovski “Aberdin”də keçirdiyi iki mövsüm ərzində 97 oyuna çıxıb, 44 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Şimali Makedoniyanın U-19 və U-21 yığmalarında oynamış Boyan, 2021-ci ilin oktyabrında əsas millidə debüt edib. O, yığma komandada 23 oyuna 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: