Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçiriləcək komandalar arasında dünya çempionatında iştirak edəcək.
Arena.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası qəbul edib.
Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.
Azərbaycan 17-24 noyabr aralığında təşkil ediləcək şahmat üzrə dünya çempionatının A qrupunda yer alıb. Şahmatçılarımız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmalarıyla eyni qrupda yarışacaq. B qrupunda Çin, Gürcüstan, Ukrayna,Fransa, Özbəkistan və Hindistan yığmaları çıxış edəcəklər.
Azərbaycan milli komandasının heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva mübarizə aparacaqlar. Komandamızın kapitanı İlahə Qədimova olacaq.


