Şahmatçılarımız tay-brekdən qalib ayrıldılar – Dünya Kubokunda

Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda bu gün birinci raundun tay-brek görüşləri keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Eltac Səfərli, Abdulla Qədimbəyli, Vüqar Əsədli, Misrətdin İsgəndərov tay-brekdə qələbə qazanmaqla ikinci raunda vəsiqə qazanıblar.

Günün ən uzun partiyası Aydın Süleymanlı ilə çinli Yunqlyun Syu arasında olub. Ardıcıl 9 heç-heçədən sonra Süleymanlı 10-cu görüşdə qələbə qazanaraq növbəti mərhələdə iştirakını təmin edib.

Sabah Dünya Kubokunda ikinci raunda start veriləcək. 1/64 finalda Teymur Rəcəbov Viktor Erdoş (Macarıstan), Şəhriyar Məmmədyarov Tin Jinqao (Sinqapur), Nicat Abasov Loran Fressine (Fransa), Rauf Məmmədov Aleksandr Predke (Serbiya), Qədir Hüseynov Yonas Byere (Danimarka), Vasif Durarbəyli isə Jül Mussarla (Fransa) mübarizə aparacaq.

Qadınların yarışında isə 1/32 finalın ilk partiyaları oynanılacaq. Azərbaycan şahmatçılarından Günay Məmmədzadə Alina Bivol (Ukrayna), Ülviyyə Fətəliyeva Moniko Soçko (Polşa), Gövhər Beydullayeva Polina Şuvalova (FIDE), Gülnar Məmmədova isə Nino Baçiaşviliyə qarşı yarışacaq.

Xatırladaq ki, sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun açıq yarışında 206 şahmatçı mübarizə aparır. Qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edir. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: