Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün Türkiyə Super Liqasının 2023/2024 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində “Başakşəhər”lə qarşılaşıb.
Şahruddinin komandası doğma meydanda baş tutan bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb – 2:6.
Məhəmmədəliyev bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, ilk hissədə 4, ikinci yarıda 2 qol buraxıb.
“Adana Dəmirspor” 38 oyuna topladığı 44 xalla 20 iştirakçı arasında 12-ci yeri tutub. Futbolçumuzun komandası 10 qələbə qazandığı halda 14 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb. 54 qol vurmuş Adana təmsilçisi 61 top buraxıb.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 26 matça çıxıb, 46 qol buraxıb, 5 “quru” matç keçirib.


