Salah Mane ilə münasibəti haqda: “Vicdanım təmizdir”

“Liverpul”un misirli ulduzu Məhəmməd Salah “qırmızılar”ın heyətində keçmiş komanda yoldaşı Sadio Mane ilə münasibətindən söhbət açıb.

Arena.az “Ekip” nəşrinə istinadən məlumat verir ki, Salah 33 yaşlı seneqallı ulduzla münasibətinin heç də isti olmadığını etiraf edib:

“Bəli, Sadio ilə aramızda həqiqətən müəyyən gərginlik vardı. Amma biz həmişə peşəkar olaraq qalırdıq, həm də mən düşünmürəm ki, bu, komandamızın oyununa necəsə təsir göstərib. Bütün böyük oyunçular böyük amala can atırlar – mən bunu anlayıram. O, əsl döyüşçüdür.

Adamlar nə desən, uydura bilərlər. Amma mən xatırlatmaq istəyirəm: Maneyə daha çox qol ötürməsini məhz mən vermişəm. Bu, danılmazdır. Sadəcə olaraq, bəzilərinə, həqiqəti bəyan etməkdənsə, səs-küylü başlıqlar yaratmaq daha asandır. Mən mətbuatın necə işlədiyini bilirəm.

Mənim vicdanım təmizdir. Əgər hər bir xüsus hörmət çərçivəsində qalırsa – bu, məni qane edir. Amma bu, şayiələri həqiqət etmir”, deyə misirli futbolçu vurğulayıb.

Xatırladaq ki, Sadio Mane 2016-2022-ci illərdə “Liverpul”da çıxış edib, “qırmızılar”ın düşərgəsindən “Bayern”ə keçib, 2023-cü ildə “Əl-Nəsr”ə qoşularaq, hazırda Səudiyyə Ərəbistanı komandasının uğurları üçün çalışır.

Məhəmməd Salah isə “Liveprul”da çıxışını davam etdirir və “qırımızılar”ın canlı əfsanəsi olaraq qəbul edilir.

Əlavə edək ki, misirli futbolçu 28 qolla cari mövsüm İngiltərə Premyer Liqasının ən sərrast qolçusudur. O, həmçinin məhsuldar ötürmələrin sayına görə mövsümün ən səmərəli futbolçusudur – 18 məhsuldar ötürmə.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 33 qol vurub, 23 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 399 oyun, 244 qol, 113 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: