Samir Abasov: “Fikir ayrılığının olması normaldır”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqanın 23-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbat konfransında bunları söyləyib:

“Zirə” ilə oyundan sonra tam bərpa olmaqla bağlı çox böyük narahatlıq var idi. Futbolçular sıx qrafikdə oynadıqlarına görə yorğun idilər. Söhbət yalnız fiziki bərpadan getmir, dincəlməyə vaxtımız oldu. Futbolçular psixoloji və mental olaraq yükləniblər. Onlara təşəkkür edirəm. Bir xalı da intizamlı oyun sayəsində qazandıq. Rəqibə çox şans vermədik. Bu cür oyunlar bizim üçün normal qəbul oluna bilər. Çünki “Sumqayıt” rəqiblər üçün açıq kitabdır. Bəlli start heyətimiz və onları dəyişəcək 2-3 oyunçumuz var. Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər. Amma bu, qələbə qazanmaq üçün yetərsiz idi. Növbəti oyunlara köklənməliyik. Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Samir Abasov heyətlə bağlı çatışmazlıqlardan və transferlə bağlı problemlərdən də söz açıb:

“Transfer təkcə baş məşqçiyə aid olan məsələ deyil. Bu, klubun siyasətidir. Transferlər klubun imkanlarına görə olur. Bu mövsüm başımızdan yuxarı tullanmışıq. Bəlkə klub olaraq buna hazır deyildik. Gedib özüm yeni oyunçular gətirə bilmərəm. “Sumqayıt”a neçə futbolçu lazımdır? Ən azından 4 futbolçu. Hətta mən beş futbolçu deyərdim. Bu yerə qədər gəlib çıxmışıq. Azarkeşlərimizə bir söz verə bilərəm ki, bu uşaqlarla olsa belə, indiki mövqeyimizi qorumağa çalışacağıq. Amma bu, çox çətin olacaq. Futbolçular robot deyil, insandırlar, yüklənirlər.

Yeni transferləri mən də, klub da istəyir. Sadəcə, imkanlarımıza görə hərəkət edirik. Fikir ayrılıqlarının olması normaldır. Mən istədiyim futbolçu bir az baha ola bilər. Bizim imkanlara uyğun gələn futbolçunu da mən istəməyə bilərəm”.

“Ən yaxşı epizodlar bizdə oldu” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə heç-heçəyə belə şərh verib:

“Belə stadionda oynamaq xoş oldu. Çünki Sumqayıt şəhər olaraq bu cür stadionu haqq edirdi. Premyer Liqanın bütün klublarında bu cür stadionların olması, çempionatımıza rəng qatacaq. Qışdan sonra ən yaxşı komandaya qarşı oynayırdıq. “Sumqayıt” qış fasiləsindən sonra yaxşı oyun sərgiləyir. “Neftçi”ni də məğlub etmişdilər. Bu gün qol olmasa da, meydanda gərgin mübarizə var idi. Taktiki savaş oldu. Futbolçularım yaxşı çıxış etdilər. Hücumda bir az da soyuqqanlı olsaydıq… Ən yaxşı epizodlar bizdə oldu”.