Samir Abasov “İmişli” ilə oyunun ilk hissəsindən narazı qalıb

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 2-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk turda heç-heçə etmiş “Neftçi” bu oyundan da 1 xalla ayrılıb – 0:0.

Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər komandanı dəstəklədilər. Təəssüf ki, onları sevindirə bilmədik. Bu gün 2 xal itirdik. İlk matçdan sonra klub rəhbərliyi bizə dəstəyini göstərdi. Yeni komandayıq. Yaxşı işlər görəcəyimizə inanırıq. Buna şübhəmiz yoxdur”.

Samir Abasov komandasının ilk hissədəki çıxışından razı qalmadığını xüsusi vurğulayıb:

“Birinci hissədən narazı qaldım. Oyunun dinamikası aşağı idi. İkinci hissədə tempi qaldırdıq. Bu cür qapalı komandalara qarşı 2-3 fürsət yarada bilərsən. Bassala Sambunun epizodu var idi. Onu dəyərləndirməli idik. Rəqibi başa düşürük, oyunu əks-hücumda qurublar. İkinci hissədə daha istəkli idik. Top itkiləri tələskənlikdən irəli gəlirdi. Futbolçular əziyyət çəkdilər, onlara minnətdaram”.

Samir Abasov komandasının zamanla daha yaxşı olacağını inamını ifadə edib:

“Komanda olaraq formalaşmışıq. Sadəcə oyunçuların arasında bir az anlaşılmazlıq var. Uşaqlara zaman lazımdır. Futbolçularda istək yüksək səviyədədir, fiziki cəhətdən inkişaf ediblər. Çatışmazlıqları oyunlarla aradan qaldıracağıq.

Müdafiəni qurmaq asandır. Bu, o qədər də güc sərf edən bir şey deyil. Amma “Neftçi”də tələb hücumda nələrsə etməkdir. Yeni qurulmuş komanda üçün bunları etmək çətindir. Uşaqların gözündə qələbə istəyi var. Ötən mövsüm hər hücumda qorxurduq ki, qapımızda qol görəcəyik. Bu il bunu aradan qaldırmışıq. Hücumda bir az problem var”.

Samir Abasov “Neftçi”nin yeni transferlər üzərində çalışdığını da qeyd edib:

“Transfer heç vaxt yekunlaşmır. Departamentimiz bunun üzərində işləyir. Hazırda əsas məqsədimiz əlimizdə olan oyunçuları pik səviyyəyə çatdırmaqdır”.

“Neftçi” ilə oyunda istəyimizə çatdıq”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya isə komandasının elitada qazandığı ilk xalla bağlı bunları qeyd edib:

“Gözlədiyimiz kimi, çox çətin oyun oldu. “Neftçi” çempionluğa oynayan komandadır. Biz son oyundan dərsimizi almışdıq. Səhvlərimizdən nəticə çıxarıb, yaxşı məşq edib bu matça çıxmışdıq. Bilirdik ki, “Neftçi” meydana qələbə üçün çıxacaq. Biz istəyimizə çatdıq və xalımızı aldıq.

Hazırlığımız yaxşı keçib. Növbəti turda qarşılaşacağımız “Sabah” sürətli futbol oynayan komandadır. Onlara qarşı həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşacağıq. Bizim gənc oyunçularımız çoxdur. Çatışmazlıqların üzərində işləyirik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: