“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutmuş mətbuat konfransında bunları dilə gətirib:
“Futbolçularımı təbrik edirəm. Futbolçularıma, azarkeşlərimizə təşəkkür edirəm. Bilmirəm, bu qələbəni bəxtə bağlamaq olar, ya yox. Oyun başlayanda epzidolarımız var idi. İkinci yarıda rəqibin təzyiqini gözləyirdik. Uduzduğumuz oyundan sonra oyunun üzərində çox dayanmağı xoşlamıram. Həmişə rəqibi təbrik edirəm. “Kəpəz”lə oyunda üzərində çox dayanacaq səhvlərimiz də yox idi. Həmin matçdan cəmi 3 epizodu kəsib uşaqlara göstərmişdim. Pis deyildi, problemlərimizi bilirəm. “Turan Tovuz”la görüşdə də qələbə qazana bilməməyimizin səbəbini bilirəm. Sadəcə, bunu açıqlaya bilmərəm. Rəqiblərə material vermiş olaram. Ehtiyat skamya çox güclü olmalıdır. Problem sırf bunda idi. “Səbail”ə də uduzsaydıq, böyük problem olmayacaqdı.
Futbolçunu inkişaf etdirən məqam, rəqib təzyiq göstərəndə, orada verdiyi qərarlardır. Rahat olan vaxtı edirsənsə, təzyiq olanda niyə etmirsən? Oyundan sonra Masaki Murataya da bunu izah edirdim. Bir az əsəbi formada oldu. Bəzən belə hallar da olur.
Vüqar Mustafayev hələ hazır deyil. O, tədricən komanda ilə məşq edir. 4-5 məşq edib, amma onlarda da Vüqarı qorumağa çalışmışıq. Hələ ona xeyli vaxt lazımdır”.
Samir Abasov rəqib həmkarı Şahin Diniyevin “Sumqayıt”ın vaxt aparması ilə bağlı narazılığına da münasibət bildirib:
“Şahin müəllim nə desə, mənim üçün qəbuldur. Futbolçular udmaq üçün belə edirsə, onları da qınaya bilmərəm. Amma futbolçulara sırf “belə edin” demirik. Məsələn, Mehdi Cənnətov topu çıxarmağa belə gedirsə, yemək yeməyə də eyni cür gedir. Bu onun təbiətidir”.
Baş məşqçi futbolçuların son nöqtəni qoymaqda çətinlik çəkməsinə də münasibət bildirib: “Səbəblər müxtəlifdir. Məşqlərdə belə olmur. Məşqlərdə vəziyyət köhnə millimiz kimidir. Həmin epizodlardan bir-ikisini də vursaydıq, mən də rahat oturardım yerimdə”.
“Çox yaxşı futbol oynadıq” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün dinamik, rəngarəng, diqtə edən futbol oynadıq. Futbolda üç nəticə olur, onları da normal qəbul etmək lazımdır. Məğlubiyyətə layiq komanda deyildik. Əsasən də, ikinci yarıda göstərdiyimiz oyunla inkişaf yolunda olduğunu gördüm. Oyun varsa, mütləq nəticə də gələcək. Belə davam etsək, istədiyimiz yerlərə gəlib çıxacağıq. Penaltidən istifadə edə bilmədik, qol vəziyyətlərini sağa-sola xərclədik. Komandama təşəkkür edirəm. Fəxr edirəm ki, düşünən, futbol oynayan, hücumda rəngarəng oynayan komandam var. Bu oyunu unutmalı, növbəti matçlara köklənməliyik. Əsas odur ki, artıq komanda böyüyüb, yaxşı futbol oynayır. Çox yaxşı futbol oynadıq. Məğlubiyyəti də qəbul etməli, irəli baxmalıyıq. Problemlərimiz də var. Onları yoluna qoyduqdan sonra nəyəsə nail ola bilərik”.
Diniyev hakimlikdən də söz açıb: “Hakimlik yaxşı idi, amma bir şeydən narazıyam, “Sumqayıt” vaxtı uzadırdı. Birinci hissədə vaxt əlavə edilmədi. İkinci yarıdakı 5 dəqiqəlik əlavə vaxt isə çox az idi. Soruşdum, dedi VAR-ın göstərişi ilə vaxt artırılır. VAR hesablayıb, deyir. Məncə, artırılmayan dəqiqələr oldu. Narazlığım tək vaxta görə idi. Yoxsa, Tural ideal hakimlik etdi”.



