Türkiyə 1-ci liqasında mübarizə aparan “Samsunspor” komandası uzun fasilədən sonra yenidən Super Liqada mübarizə aparmaq hüququ qazanıb. Arena.az xəbər verir ki, sözügedən komanda 1-ci liqada mövsümün başa çatmasına 6 tur qalmış elitaya vəsiqəni təmin edib.
Buna ötən gecə liderin əsas izləyicisi olan “Eyüpspor”un doğma meydanda “Gənclərbirliyi”nə 0:2 hesabıyla uduzmasından sonra aydınlıq gəlib. Hazırda Samsun təmsilçisi 66 xalla zirvədə qərarlaşıb. “Eyüpspor” isə 57 xalla ikinci sıradadır. Bu isə o deməkdir ki, samsunlular mövsümün qalan matçlarında uduzsalar belə, ən azı ikinci yerlə Super Liqaya çıxa biləcəklər. Amma uğurlu mövsüm keçirən bu komanda böyük ehtimalla üstünlüyünü sonadək qorumaqla elitaya çempion kimi yüksələcək. Buna sözügedən kollektivin hazırda 20 oyunluq məğlubiyyətsiz seriyasının olması da əsas verir.
Qeyd edək ki, Qaradəniz təmsilçisi cari mövsümdə keçirdiyi 31 oyunda 19 qələbə qazanıb, 9 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 58 top keçirmiş samsunlular özləri 28 dəfə məyus olublar.
Xatırladaq ki, “Samsunspor” sonuncu dəfə 2011/12 mövsümündə Super Liqada mübarizə aparıb. Həmin mövsümdə qaradənizlilər çempionatı 16-cı pillədə başa vuraraq elitanı tərk etmişdilər. Komanda 11 illik fasilədən sonra yenidən Super Liqada çıxış edəcək. Klubun bu həsrətə son qoyması Samsunda böyük coşğu ilə qeyd edilib. Belə ki, şəhər əhalisi bu uğuru qeyd etmək üçün küçələrə axışıb.
1965-ci ildə yaradılmış bu klubun hazırda 57 yaşı var. Komanda ev oyunlarını 34 min azarkeş tutumuna malik Samsun stadionunda keçirir. Samsunlular daha öncə 6 dəfə (1968/69, 1975/76, 1981/82, 1984/85, 1990/91, 1992/93) 1-ci liqanın qalibi olublar.


