Türkiyə Super Liqasında mübarizə aparan “Ankaragücü” komandasının yeni baş məşqçisi Sedat Ağçay olacaq. Arena.az xəbər verir ki, bu barədə Ankara klubunun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. Yeni baş məşqçinin işi uğurlu alınsa, onunla sözləşmənin müddəti yayda artırılacaq. Yeni baş məşqçi bir müddət öncə uğursuz nəticələrə görə istefaya göndərilmiş Ömer Erdoğanı əvəz edib.
Xatırladaq ki, Sedat Ağçay futbolçu karyerası dönəmində son olaraq məhz “Ankaragücü” komandasının uğurları üçün çalışıb. O, 2017-ci ildən formasını geyindiyi bu komandada 83 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. 2020-ci ilin avqust ayında futbolçu karyerasını bitirən Ağçay, elə bu klubda məşqçiliyə başlamışdı. O, son olaraq baş məşqçi Ömer Erdoğanın köməkçisi kimi çalışırdı. Bu üzdən də klub rəhbərliyi komandanı daha yaxından tanıyan Ağçayı baş məşqçi təyin etməyə qərar verib.
“Ankaragücü” bu mövsümə Mustafa Dalcının rəhbərliyi altında başlamışdı. Lakin onu istefaya göndərən klub rəhbərliyi Ömer Erdoğanla anlaşmışdı. Ağçay, bu mövsümə paytaxt təmsilçisinə rəhbərlik edəcək üçüncü baş məşqçi olacaq.
“Ankaragücü” Super Liqada bu mövsüm keçirdiyi 21 oyunda cəmi 22 xal toplayıb. Komanda hazırda 19 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.


