Şenol Günəş: “Neftçi”nin qarşısına daha hazırlıqlı çıxacağıq”

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”yə rəqib olmalarına münasibət bildirib.

Arena.az xəbər verir ki, komandasının “Tirana” (Albaniya) ilə səfər oyunundan sonra türkiyəli jurnalistlərə açıqlama verən 71 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini növbəti mərhələyə adlaması münasibəti ilə təbrik edib.

Xatırladaq ki, “Beşiktaş” da Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Tirana”nı iki oyunun nəticəsinə əsasən üstələyib – evdə 3:1, səfərdə 2:0. Şenol Günəş səfərdəki cavab matçından sonra jurnalistlərə açıqlamasında həm komandasının uğurundan, həm də növbəti mərhələdə “Neftçi”yə qarşı keçirəcəkləri oyunlardan söz açıb:

“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyəm. Gözlənildiyi kimi, rəqibə qol imkanı vermədik. Əlimizə düşən fürsətləri də dəyərləndirdik və 2 cavabsız qolla qalib gəldik. Qazanaraq yolumuza davam edirik. Gələcək maçlarda bundan da yaxşı olmaq istəyirik. “Neftçi”nin qarşısına daha hazırlıqlı çıxacağıq.

Mövsümün əvvəli olduğu üçün oyunçular ideal formadan uzaqdırlar. Ancaq getdikcə daha yaxşı vəziyyətdə oluruq. Zədəli futbolçularımız da sıraya döndükdən sonra komandamız indikindən güclü olacaq. Növbəti mərhələdə “Neftçi” ilə keçiriləcək görüşlərə bundan da yaxşı hazırlaşmalıyıq”.

Xatırladaq ki, “Neftçi” də Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” komandasından güclü olub – səfərdə 2:2, evdə 2:0.

“Beşiktaş”la “Neftçi” arasında baş tutacaq 3-cü təsnifat mərhələsinin ilk oyunu avqustun 10-də İstanbulda keçiriləcək. Türkiyə və Azərbaycan təmsilçilərinin cavab qarşılaşması isə avqustun 17-də Bakıda təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: