Voleybol üzrə “Gəncə” komandasının baş məşqçisi Sergey Çasnavitski Azərbaycan Yüksək Liqasının yeni mövsümünə hazırlığı dəyərləndirib:
Arena.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Qadın voleybolçulardan ibarət komandalar arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq klubların hamısının oyununu izləməmişəm. Ancaq iki komanda ilə yoldaşlıq oyunumuz olub. Həmin komandalar haqqında fikir yürüdə bilərəm. Onu da nəzərə almaq lazımdır ki, həmin komandalar da hazırlıq proseslərini hələ başa vurmayıblar və pik formalarına çatmayıblar. “Azərreyl”in isə avrokubok matçlarını izləmişəm. Rəqibləri qiymətləndirmək çox çətindir. Rəqib komandalarda heyətin formalaşdırılması istiqamətində işlərin aparıldığı və güclü legionerlər transfer etdiklərini bilirəm”.
Sergey Çasnavitski Azərbaycan Yüksək Liqasının yeni mövsümü ilə də bağlı gözləntilərini açıqlayıb: “Çempionatın yeni mövsümü gərgin idman mübarizəsi vəd edir. Altı komanda medallar uğrunda mübarizə aparacaq. Demək olar ki, beş komanda eyni səviyyəli, güclü kollektivdir. Komandalar hələ də transfer işlərini davam etdirirlər. Güclü voleybolçuların axtarışı komandaların gündəmindədir. Bu səbəbdən komandalar haqqında fikir söyləmək o qədər də asan deyil”.
Xatırladaq ki, “Gəncə” voleybol komandası Yüksək Liqada debüt mövsümünü keçirəcək.


