Futbol üzrə Almaniya yığmasının və “Bayern”in yarımmüdafiəçisi Serj Qnabri təxminən bir aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.
Buna 28 yaşlı yarımmüdafiəçinin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” komandasına qarşı keçirdikləri ilk oyunda aldığı zədə səbəb olub. Belə ki, o, bu oyunda ayaq əzələsindən zədə alıb. Futbolçu buna görə azı üç həftə komandasına kömək edə bilməyəcək. Qnabrinin “Arsenal”la cavab görüşünü buraxacağı dəqiqdir.
Qeyd edək ki, bu, almaniyalı futbolçunun cari mövsümdə ilk zədəsi deyil. O, daha əvvəl də bir neçə qarşılaşmanı buraxıb.
Qnabri cari mövsümdə “Bayern”in heyətində 17 matça çıxıb. O, bu görüşlərdə 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Serj Qnabri 2017-ci ilin iyul ayından “Bayern”də çıxış edir. Yarımmüdafiəçi Münhen təmsilçisində bütövlükdə 235 oyuna çıxıb, 86 qol vurub, 52 məhsuldar ötürmə müəllifi olub.
Qnabri karyerası ərzində “Verder”, “Hoffenhaym”, “Arsenal”, “Vest Bromviç” kimi klubların da formasını geyinib.
Yarımmüdafiəçi 2016-cı ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 45 oyuna çıxıb, 22 qola imza atıb, 9 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı alman futbolçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da qeyd edək ki, “Arsenal”la “Bayern” arasında İngiltərədə keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 2:2. Bu komandalar arasındakı cavab qarşılaşması aprelin 17-də Münhendə keçiriləcək.


