Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Seru Girassi UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
28 yaşlı qvineyalı futbolçu ÇL-in 1/16 final mərhələsi çərçivəsində səfərdə Portuqaliyanın “Sportinq” komandasına qarşı keçirdikləri ilk matçda 1 qol, 1 assistlə yadda qalıb. Onun komandası isə bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.
Girassi səsvermədə Vinisius Junior (“Real”, İspaniya), Vangelis Pavlidis (“Benfika”, Portuqaliya) və İqor Payşanı (“Feyenoord”, Niderland) qabaqlayıb.
Seru Girassinin yeniyetməlik dövrü “Montarji”, “Amii” və “Laval” klublarında keçib.
Böyük futbolda “Laval”la debüt etmiş Girassi karyerası ərzində “Lill”, “Oser”, “Köln”, “Amyen”, “Renn” və “Ştutqart”da oynayıb.
Dortmund “Borussiya”sı qvineyalı futbolçunu 2024-cü ilin iyul ayında 18 milyon avro məbləğ müqabilində “Ştutqart”dan tamhüquqlu əsasda Dortmund klubunun düşərgəsinə qatıb. Girassinin “Borussiya” ilə müqaviləsinin müddəti 2028-c ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Girassi “Borussiya” üçün bütün yarışlarda 28 oyuna çıxıb, 19 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Girassi ötən mövsüm Almaniya Bundesliqasında 28 oyuna 28 qol vurmaqla, yarışın ən sərrast futbolçuları arasında 2-ci olub.
Seru Girassi 2022-ci ilin mart ayında debüt etdiyi Qvineya yığmasının heyətində 22 oyuna 9 qolla fərqlənib.
Qvineyalı hücumçu “Köln”lə 2018/2019-cu illər mövsümündə Almaniyanın 2-ci Bundesliqasının qalibi olub. Bu, Girassinin futbolda ilk və hələ yeganə qənimətidir.
“Transfermarkt” internet-portalı 28 yaşlı qvineyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


