Seru Girassi Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Seru Girassi UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

29 yaşlı qvineyalı futbolçu ÇL-in 1/4 final mərhələsi çərçivəsində İspaniyanın “Barselona” komandasına qarşı keçirdikləri cavab matçda het-trikə imza atıb. Onun komandası isə bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.

Girassi səsvermədə Deklan Rays (“Arsenal”, İngiltərə), Lautaro Martines (“İnter”, İtaliya) və Usman Dembeleni (PSJ, Fransa) qabaqlayıb.

Xatırladaq ki, Seru Girassinin yeniyetməlik dövrü “Montarji”, “Amii” və “Laval” klublarında keçib.

Böyük futbolda “Laval”la debüt etmiş Girassi karyerası ərzində “Lill”, “Oser”, “Köln”, “Amyen”, “Renn” və “Ştutqart”da oynayıb.

Dortmund “Borussiya”sı qvineyalı futbolçunu 2024-cü ilin iyul ayında 18 milyon avro məbləğ müqabilində “Ştutqart”dan tamhüquqlu əsasda Dortmund klubunun düşərgəsinə qatıb. Girassinin “Borussiya” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Girassi “Borussiya” üçün bütün yarışlarda 40 oyuna çıxıb, 28 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Girassi ötən mövsüm Almaniya Bundesliqasında 28 oyuna 28 qol vurmaqla, yarışın ən sərrast futbolçuları arasında 2-ci olub.

Seru Girassi 2022-ci ilin mart ayında debüt etdiyi Qvineya yığmasının heyətində 22 oyuna 9 qolla fərqlənib.

Qvineyalı hücumçu “Köln”lə 2018/2019-cu illər mövsümündə Almaniyanın 2-ci Bundesliqasının qalibi olub. Bu, Girassinin futbolda ilk və hələlik yeganə qənimətidir.

“Transfermarkt” internet-portalı 29 yaşlı qvineyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: