Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Seru Girassi UEFA Çempionlar Liqasında (ÇL) rekorda imza atıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu buna İspaniya təmsilçisi “Barselona”ya 3:1 hesabıyla qalib gəldikləri 1/4 final mərhələsinin cavab matçında nail olub.
Het-trik edən qvineyalı forvard cari mövsümdə bu turnir çərçivəsində 13 dəfə fərqlənib. O, afrikalı oyunçular arasında ÇL-də bir mövsümdə vurduğu qollara görə mütləq rekordçuya çevrilib.
Girassi Dortmund klubunun sabiq futbolçusu Sebastyan Allenin (2021/2022 – 11 qol) nailiyyətini geridə qoyub.
Səfərdə “Barselona”ya dörd cavabsız qolla uduzmuş “Borussiya” UEFA Çempionlar Liqası ilə vidalaşıb.
Xatırladaq ki, Seru Girassinin yeniyetməlik dövrü “Montarji”, “Amii” və “Laval” klublarında keçib.
Böyük futbolda “Laval”la debüt etmiş Girassi karyerası ərzində “Lill”, “Oser”, “Köln”, “Amyen”, “Renn” və “Ştutqart”da oynayıb.
Dortmund “Borussiya”sı qvineyalı futbolçunu 2024-cü ilin iyul ayında 18 milyon avro məbləğ müqabilində “Ştutqart”dan tamhüquqlu əsasda Dortmund klubunun düşərgəsinə qatıb. Girassinin “Borussiya” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Girassi “Borussiya” üçün bütün yarışlarda 40 oyuna çıxıb, 28 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Girassi ötən mövsüm Almaniya Bundesliqasında 28 oyuna 28 qol vurmaqla, yarışın ən sərrast futbolçuları arasında 2-ci olub.
Seru Girassi 2022-ci ilin mart ayında debüt etdiyi Qvineya yığmasının heyətində 22 oyuna 9 qolla fərqlənib.
Qvineyalı hücumçu “Köln”lə 2018/2019-cu illər mövsümündə Almaniyanın 2-ci Bundesliqasının qalibi olub. Bu, Girassinin futbolda ilk və hələlik yeganə qənimətidir.
“Transfermarkt” internet-portalı 29 yaşlı qvineyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


