ABŞ-ın “İnter Mayami” klubu Lionel Messinin ardından Serxio Buskets ilə də müqavilə imzalandığını rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Geridə qalan mövsüm bitən kimi İspaniyanın “Barselona” klubundan ayrılan Serxio da “İnter Mayami” ilə 2 illik sözləşmə imzalayıb.
Xatırladaq ki, Serxio Buskets “Barselona”nın yetirməsidir. Yarımmüdafiəçi 2008-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, Kataloniya təmsilçisinin əsas komandasında 722 matça çıxıb və 18 qol, 45 məhsuldar ötürmə ilə yadda qalıb. Buskets “Barselona”dakı oyun sayına görə üçüncü pillədə qərarlaşıb. Rekord Lionel Messiyə məxsusdur – 778 oyun. İkinci yerdə isə komandanın indiki baş məşqçisi Xavi qərarlaşıb – 767 oyun.
Buskets həm də “Barselona”da ən çox titul qazanmış futbolçulardan biridir. O, Kataloniya klubu ilə 32 titul qazanıb. Təcrübəli oyunçu 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 9 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və Super Kubokunun qalibi olub.
İspaniyalı futbolçu ölkəsinin milli komandasında da xeyli uğurlara imza atıb. O, 2009-cu ilin aprel ayında debüt matçını keçirdiyi İspaniya millisində bütövlükdə 143 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə cəmi 2 qol müəllifi olub. Buskets İspaniya yığmasının heyətində DÇ-2010-un və AÇ-2012-nin qalibi olub.
Sonda onu da bildirək ki, Buskets “İnter Mayami”də keçmiş komanda yoldaşı Lionel Messi ilə birgə çıxış edəcək. Belə ki, ABŞ klubu Fransa çempionu PSJ-dən azad agent kimi ayrılmış argentinalı ulduz futbolçu ilə də 2 illik müqavilə bağlayıb.



