Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni İspaniya yığması ilə “Finalissima” oyunu haqda sualı cavablayıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, argentinalı mütəxəssisin bu barədə cavabını təqdim edir:
“İspaniya qazandı, Argentina qazandı. Ailəmin bir hissəsi ispandır və mən onların qələbəsinə sevinirəm. Ölkə ilə xüsusi münasibətim var, orada yaşayıram və məşqçini yaxşı tanıyıram. O, finala çıxsa, ailəm bölündüyü üçün fəsad olacaq. Argentina yığmasına qarşı oynasaydı, əla olardı. Bu, əhəmiyyətli anı yaşayan və fərqli oyun nümayiş etdirən iki komanda arasında çox yaxşı qarşılaşma olacaq”, deyə Skaloni vurğulayıb.
Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununda qarşılaşacaq İspaniya və Argentina yığmaları son qitə birinciliklərində çempion olaraq bu hüququ əldə ediblər.
Belə ki, İspaniya yığması AÇ-2024-ün finalında İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub etməklə bu hüququ əldə edib. Argentina yığması isə 2024-cü il Amerika Kubokunun finalında Kolumbiya yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək, çempion olub və “Finalissima” oyununda iştirak hüququnu qazanıb.
Xatırladaq ki, Argentina yığması “Finalissima”nın ilk qalibidir. 2022-ci ildə keçirilmiş ilk yarış çərçivəsindəki oyunda “albiseleste” İtaliya yığmasını 3:0 hesabı ilə darmadağın etmişdi.


